Azərbaycanın axtardığı Aleksandr Lapşin kimdir?

Son günlər Azərbaycan və Rusiya mediasında ən çox müzakirə olunan mövzulardan biri tanınmış blogger və səyahətçi Aleksandr Lapşinin Azərbaycanın sorğusu əsasında Belarusda həbs olunması olub. Azərbaycan XİN-in Qarabağa qanunsuz səfər edən şəxslər üçün hazırladığı “qara siyahı”da adı keçən Lapşin 2015-ci ildə Ukrayna pasportu ilə Bakıya gələrək, Avropa Oyunlarında iştirak edib.  

Modern.az tanımış və tanınmış olduğu qədər də qalmaqallı Aleksandr Lapşin haqda informasiyanı təqdim edir.

Aleksandr Lapşin 1976-cı ildə Sverdlovsk şəhərində (indiki Yekaterinburq) andan olub. O, çoxmillətli ailədə (atası rus, anası yəhudi) doğulub. Lapşin 13 yaşı olarkən ailəsilə birlikdə İsrailə köçüblər.

Məktəbi bitirdikdən sonra 3 il ərzində İsrail ordusunda xidmət keçib. O, bir çox qaynar nöqtələrdə, o cümlədən Qəzza sektoru və Livan sərhəddində xidmətdə olub.

 

Hərbidən sonra “proqramlaşdırma” və “biznesin idarəetməsi” kimi ixtisaslar üzrə 2 universitetdə təhsil alan Lapşin, daha 1 il ABŞ-da oxuyub. Tələbəlik illərində müxtəlif ixtisaslar üzrə təhsil alan Lapşin Bolqarıstanın Sofiya aeroportunun təhlükəsizlik xidmətində çalışıb.

Sonralar Aleksandr Lapşin Moskvaya köçüb və 5 il (2003-2008) bu şəhərdə yaşayıb. Daimi işi olmasa da, ev alqı-satqısı zamanı vasitəçiliklə məşğul olaraq xeyli vəsait toplayıb.

2006-cı ildə İsrailə turist səfəri zamanı onu Suriyaya səfər etdiyi üçün (İsraildə bu, cinayət məcəlləsinə daxildir) saxlamışdılar, lakin sonradan əməli sübut olunmadığı üçün azadlığa buraxılmışdı.

2008-ci ildə Rusiyada iqtisadi böhran başladıqdan sonra Aleksandr Lapşin İsrailə köçüb və Livanla sərhəddə yerləşən qəsəbədə yaşamağa başlayır.

 

Aleksandr Lapşinə əsas populyarlıq gətirən sahə onun çoxsaylı səyahətləri və müxtəlif ölkələrin vətəndaşlığını almaq həvəsi ilə bağlıdır. Belə ki, anadan olduğu Rusiyanın vətəndaşlığına malik Lapşin, yeniyetməlik dövründə İsrail, sonradan isə Ukrayna vətəndaşlığı alıb. 

2015-ci ilin yayında Avropa Oyunlarına gələn zaman Lapşin Azərbaycana məhz Ukrayna pasportu ilə daxil olmuşdu (O, XİN-in “qara siyahı”sına Rusiya vətəndaşı kimi daxil edilmişdi). 


Bundan başqa, blogger ABŞ və Gürcüstan vətəndaşlığı almaq üçün də dəfələrlə cəhd göstərib.

 

Aleksandr Lapşin bu vaxta qədər 30-a yaxın məhkəmə prosesində tərəf kimi çıxış edib. O, İsrail təhlükəsizlik sistemi, Ukrayna Daxili İşlər Nazirliyi və Rusiyanın İsraildəki səfirliyi ilə çoxsaylı məhkəmə proseslərində üz-üzə gəlib.

Aleksandr Lapşin heç vaxt evlənməyib.

əsas linklər

     

 

 

 

Döviz Kuru