Urmiyə universitetlərindən ‘Türk Fraksiyası’ və siyasi məhbuslara dəstək

1319 tələbə bəyanat imzalayıb.

Urmiyənin müxtəlif universitetlərində təhsil alan “1319 türk tələbə” birgə bəyanat yayımlayaraq İran Parlamentində 100 millət vəkilinin təsis etdiyi Türk Bölgələri Fraksiyasına dəstək bildiriblər.

“Ölkənin bir qrup türk öyrəncisinin bəyanatı” başlığı ilə yazılmış açıqlamada İranın “türk bölgələrində iqtisadi, ekoloji və mədəni durumun narahat edici olduğu” qeyd edilib.

Amerikanın Səsinin də təsvirini əldə etdiyi və 1319 imza ilə bərabər nəşr edilən bəyanatda həmçinin yazılıb ki, “bu durumun düzəldilməsi və gedişatın ölkə və əhalinin mənafeyi istiqamətində dəyişməsi lazımdır. 

Biz bir qrup Türk öyrənci, Türk bölgələrinin qeyri-partizan fraksiyasının təsisini bu dəyişmə prosesinin bir hissəsi kimi görürük. Bu vasitə ilə Türk bölgələrinin inkişafı üçün zəmin yaranmasına ümid edirik.”

Bəyanat Urmiyə Universiteti, Urmiyə Azad Universiteti, Urmiyə Texniki Universiteti və Qərbi Azərbaycan vilayətinin mərkəzində yerləşən bir neçə digər ali təhsil mərkəzi tələbələri tərəfindən imzalanıb.

Bu günlərdə Təbriz millət vəkili və Türk Bölgələri Fraksiyasının başqanı Məsud Pezeşkiyanın iştirakı ilə Urmiyə Azad Universitetində keçirilən bir tədbirdə bir qrup tələbə aclıq aksiyası keçirən milli fəal Murtaza Muradpura dəstək bildiriblər.

Güney Azərbaycan Televizyası (Günaz TV) və sosial mediada həmin tədbirlə əlaqəli yayılan şəkillərdə tələbələrin əllərində Murtaza Muradpurun şəkilləri və üzərində “Türk dilində mədrəsə” yazılmış bir plakat görünməkdədir.

Yayılan məlumata görə, millət vəkili Məsud Pezeşkiyan tələbələrin nümayişinə etiraz edib.

əsas linklər

     

 

 

 

Döviz Kuru