
Bakı. Könül Kamilqızı – APA. 2014-cü ildə doğum göstəricisi əhalinin hər 1000 nəfərinə 18,3, ölüm isə 5,8 təşkil edib. APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladova 2014-cü ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclasında çıxşı zamanı deyib ki, təbii artım 12,5 faiz olub və bu da Avropa ölkələri arasında ən yüksək göstərici olaraq qalmaqdadır. Onun sözlərinə görə, səhiyyəyə ayrılan büdcə vəsaiti son 5 ildə 2 dəfədən çox artırılıb. Təkcə bu il ərzində 66 səhiyyə müəssisəsində təmir-tikinti işlərinin aparıldığını deyən şöbə müdiri vurğulayıb ki, bunlardan 18-i Bakı şəhərində, 48-i isə regionlarda yerləşən səhiyyə müəssisələridir. İl ərzində ambulator müraciətlərin sayı da artaraq 2009-cu ildən bəri 30 % çoxalıb.
Şöbə müdiri qeyd etdi ki, son illərdə səhiyyənin qarşısında duran ən çətin problemlərdən biri olan xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicəsi artıq öz həllini tapıb. Onun sözlərinə görə, respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 32 mərkəzdə, o cümlədən regionlarda yaradılmış 25 mərkəzdə 2600-dən artıq xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunurlar: “Yalnız 2014-cü ildə Astara, İsmayıllı və Tovuz rayonlarında 3 yeni hemodializ mərkəzi açılıb. Artıq əminliklə demək olar ki, bu gün Azərbaycanda hemodializ seansları almağa növbə yoxdur. Bu xəstələrin radikal müalicə üsulu olan böyrək köçürmə əməliyyatlarının sayı da artıb. 2014-cü ildə respublikanın dövlət xəstəxanalarında 61 belə əməliyyat icra olunub”.