Jurnalistlər “İlin politoloq”unu seçdilər

2014-cü ilin yekunlaşmasına bir həftə qalıb. Yola salacağımız il siyasi hadisələrlə də yadda qalacaq.

Maraqlıdır, bu il hansı politoloqun şərhi, proqnozu özünü doğruldub.

Ümumiyyətlə, jurnalistlər kimi “İlin politoloqu” hesab edirlər.

“Yeni Müsavat” qəzetinin yazarı Xalid Kazımlı bildirib ki, o, ilin politoloqu Vəfa Quluzadəni hesab edir: “O, hələ ilin əvvəlində Rusiyanın aqressiv siyasətinin region dövlətlərinə problem yaradacağını, bunun qarşılığında özünün ciddi sıxıntılarla üzləşəcəyini, hətta çökəcəyini gözəl analiz edib, uyğun proqnozlar verirdi. O zaman ona peşəkar və sosial mediada istehza edirdilər. Ancaq son həftələrdə Rusiya və onun ətrafında baş verən hadisələr göstərir ki, Vəfa müəllim haqlı imiş”. 

“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Elman Cəfərli də ilin politoloqu kimi Vəfa Quluzadəni qeyd edib: “Onun bəzi Rusiyapərəstlərin ələ saldığı Rusiya ilə bağlı proqnozları doğruldu. Digər politoloqlardan Mübariz Əhmədoğlu, Fərhad Mehdiyev, Elman Nəsirovun siyasi şərhləri də maraqla qarşılanır. Nisbətən gənc siyasi analitiklərdən Azər Rəşidoğlunun analitik yazılarını da maraqla izləyirəm”.

AzVision. az saytının baş redaktoru Vüsal Məmmədov bildirib ki, bu il onun diqqətini  ən çox çəkən telejurnalist, siyasi təhlilçi və deputat Sahib Alıyev olub: “Adətən, mahiyyət üzrə təhlil edir, dediklərində faktlar və fikirlər biri-birini tamamlayır. Azərbaycan Diplomatik Akademiyasının professoru Elnur Sultanov da təhlil tərzinə və yanaşmasına böyük sayğı duyduğum siyasi ekspertlərdəndir. Saytlarla əməkdaşlıqdan yayınmasına baxmayaraq, Rasim Musabəyovun fikirləri həmişə diqqətə layiqdir”.

 

APA-nın əməkdaş Etibar Məmmədov isə Elxan Şahinoğlunu ilin politoloqu hesab edir. Həmkarımız onun iştirakı və təşkilatçılığı ilə keçirilən müzakirələrdə, dəyirmi masalarda iştirak edib: “Elxan Şahinoğlunun siyasi şərhləri, məncə, kifayət qədər düşündürücü və əsaslıdır. Digər politoloqlara nisbətən fəaldır. Ölkədə və dünyada baş verən mühüm siyasi prosesləri vaxtında şərh edir, bununla bağlı diskussiyaların təşkilatçılarından biridir”.

“Yeni Azərbaycan” qəzetinin siyasi analitiki, ixtisasca politoloq olan Nurlan Qələndərli  bildirib ki, 2014-cü il siyasi proseslər və hadisələr nöqteyi-nəzərindən olduqca zəngin olub: “İstər dünya siyasəti və beynəlxalq münasibətlər sistemində, istərsə də Azərbaycanda intensiv xarakter alan siyasi proseslər analitiklər tərəfindən diqqətlə izləndi. Bunun nəticəsidir ki, həm çap mətbuatında, həm də onlayn mediada müxtəlif siyasi analizləri müşahidə etdik. Düşünürəm ki, ölkəmizdə politoloqlar siyasi proseslərin analitik tədqiqata cəlb olunması baxımından kifayət qədər aktivlik nümayiş etdirdilər.

Sorğunuza cavab olaraq qeyd etmək istəyirəm ki, ümumilikdə, diqqət yetirilən məsələlərdən asılı olaraq mənim üçün ayrı-ayrı analiz və şərhlər maraqlı və faydalı oldu. Ona görə də hər hansı birini ayrıca fərqləndirmək istəmirəm. Dövri mətbuatda Hikmət Babaoğlu, Elman Nəsirov, Rasim Musabəyov kimi politoloqların müxtəlif məsələlərə dair siyasi analizləri daha çox diqqətimi cəlb etdi. Bəhs etdiyim politoloqların ifadə etdiyi fikirlər həm siyasi şərhçi olaraq mənim, həm də zənnimcə, media təmsilçiləri -siyasi icmalçılar üçün analitik informasiya mənbəyinə çevrildi”.

“Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov bildirib ki, onların ən çox  əməkdaşlıq etdikləri politoloq Vəfa Quluzadədir.

O, qeyd edib ki, bu il öz proqnozları, şərhləri ilə fərqlənən Vəfa Quluzadə olub. Onun fikrincə, politoloq kimi illərdir verdiyi proqnozlar həmişə doğru çıxıb.

 

Modern.az saytının siyasət yazarı Aqşin Kərimov Qabil Hüseynlini ilin politoloqu kimi dəyərləndirib: “Ona görə ki, istər Azərbaycanın daxili siyasəti ilə bağlı, istərsə də beynəlxalq aləmdə baş verən proseslər və bunun Azərbaycana təsirləri barədə təfsilatı ilə şərh verir. Digər tərəfdən onun politoloji yanaşmasında hissi, yersiz həyəcanlı çağırışlar o qədər də müşahidə edilmir. Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları haqda məntiqli və tutarlı mülahizələr yürüdür. Qabil Hüseynlinin ona ünvanlanan sualların hamısını cavabsız qoymadığını və telefon zənglərinə də vaxtlı-vaxtında cavab verməsini bura əlavə etsək, o zaman deyə bilərik ki, istər texniki, istərsə də yaradıcılıq baxımından jurnalistlər üçün problem yaradan politoloq deyil. Üstəgəl, danışıq dili də çox mürəkkəb və həddindən artıq dərin siyasi terminlərlə yüklü olmadığından onun dediklərini mətn halına salmaq çətinlik yaratmır”.

“Mediaforum” saytının redaktoru Hikmət Sabiroğlu isə mətbuata tez-tez danışan 5-6 politoloqun hamısını dəyərləndirib. Onun sözlərinə görə, onların hamısı fəaldırlar və xüsusi olaraq hansınısa fərqləndirmək istəmir.

 

Meydan TV-nin əməkdaşı Natiq Cavadlı Ərəstun Oruclunu ilin politoloqu kimi qeyd edib və fikrini belə əsaslandırıb: “Ərəstun Oruclu operativdir, daim sosial şəbəkədə işləyir, həm daxili, həm xarici siyasəti izləyir, eyni zamanda xarici və daxili medianı oxuyur. Müxtəlif xarici dilləri bilir. Özünün hər ay rəhbərlik etdiyi “Şərq-Qərb” Araşdırmalar Mərkəzi tərəfindən hesabatlar yayır. Yanaşmalarında nikbinlik olsa da, realistdir. Zərdüşt Əlizadə də prosesləri daima izləyir və daxili, xarici mətbuatı oxuyur. Düzdür, onun yanaşmaları  80-90-cı i illəri xatırladır. Bundan kənara çıxa bilmir. Bəlkə də haqlıdır, amma zaman dəyişib.

Türkiyə siyasətini şərh edən Elxan  Şahinoğlu, Rusiya siyasətindən isə İlqar Vəlizadə, Rasim Ağayev yadda qalan politoloqlardır”.

Virtualaz. org saytının redaktoru Famil Cəfərli məsələyə ironiya ilə yanaşsa da, ilin politoloqu Vəfa Quluzadəni hesab edib. Fikrini də belə əsaslandırıb: “2014-cü ildə Rusiya dünyanın bir nömrəli mövzusu olması ilə, Vəfa müəllim də davamlı olaraq eyni məzmunlu şərhləri ilə yadımda qalıb. Vəfa müəllim savadlı politoloq və təcrübəli diplomatdır. Buna söz yoxdur. Amma Rusiya ilə bağlı dedikləri hələlik ehtimal olaraq qalır”.

 

Qafqazinfo.az saytının əməkdaşı Murad Əhməd Mehman Əliyevi ilin politoloqu kimi dəyərləndirib: “Mehman Əliyevin analizlərində digərləri ilə müqayisədə fərqlilik olur. O, keçən il verdiyi şərhi bu il təkrar etmir. Bizdə elə politoloqlar var ki, hər hansı mövzu ilə bağlı nə deyəcəyini zəng etmədən təxmin edə bilirsən. Mehman bəy isə məsələyə təsir edə biləcək və diqqətdən qaçan nüansları da şərhlərinə əlavə edir. Nəhayət, Mehman bəyin analizlərində optimistlik özünü qoruyub saxlayır”./modern.az/

 
əsas linklər