Millət vəkili Qənirə Paşayeva bir aylıq əmək haqqını İraq Türkmənlərinə bağışladı

Millət vəkili imkanı olan hər kəsi İraqda yaşayan soydaşlarımıza yardıma çağırıb. 

“Mən bir aylıq maaşımı İraq Türkmənlərinə – yəni bu ölkədə yaşayan soydaşlarımıza yardım fonduna bağışladım və imkanı, gücü çatan hər kəsi onlara yardıma çağırıram. ...Bilirəm ki, hər səkkiz nəfərindən biri qaçqınlıq, köçkünlük taleyi yaşamış, mərhumiyyətlər görmüş Azərbaycan Respublikası vətəndaşları bu çağırışı dəstəkləyəcək. Söhbət canı canımızdan, qanı-qanımızdan olan İraq türkmən qardaş-bacılarımızdan gedir.

Son 100 ildə başı böyük müsibətlər çəkmiş qardaş-bacılarımızın bugünkü durumu son zamanlar İŞİD terror təşkilatının İraqda törətdiyi insanlıq dramı və vandalizm aktları üzündən çox ağırlaşıb. Şiə türkmənlərin durumu isə daha ağırdır. Çünki İŞİD üçün şiələr bağışlanmaz düşmənlərdir və təssüf ki, biz çağdaş sviliziasiya zamanında müsəlman dünyasında bu cür cahilliyin şahidi oluruq...

Amma sünni türkmən qardaşlarımız da İŞİD əlindən az əziyyət çəkmirlər. İŞİD-in türkmən bölgələrinə hücumları sonucunda 200 mindən çox soydaşımız öz evlərini, yurdlarını tərk edərək qaçmaq, məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qalıb..! 

Qətlə yetirilən, köçkün salınan türkmən qardaş-bacılarımızın sayı sürətlə artmaqdadır. Təlafər, Tuzhurmatu, Bayat köyləri, Bəşir ve Tazəhurmatu əhalisinin önəmli bölümü yaşayış yerlərini tərk etdi..! Bu insanların hər türlü insani yardıma və özəlliklə də, səhra istisindən qorunmaq üçün çadırlara ehtiyacı var. Kömək istəyirlər...

Sizcə o köməyi kimlər ilk növbədə etməlidir yaxud qardaş-bacılarımızın ağıllarına gələn ilk ölkələr hansılardır?!. – Təbii ki, ilk öncə bizdən, dünyadakı qardaş-bacılarından, soydaşlarından!.. Onlar bütün Türk Dünyasına, dünyaya səslənirlər... Bizi eşidin deyirlər, bizi unutmayın deyirlər... Kömək edin deyirlər… Kömək gözləyirlər –hər keçən ay, həftə deyil, gün, saat belə onların əleyhinə işləyir..! Bu vahim gedişi durdurmaq üçün üzərimizə düşən mənəvi sorumluluğu dəyərləndirməliyik!".

Millət vəkili Azərbaycan Qızıl Aypara Cəmiyyətinin də əlindən gələn dəstəyi əsirgəməyəcəyinə inandığını deyib. 

əsas linklər