Ekspert: “Problem qlobal münaqişə səviyyəsinə gəlib çıxıb, onun həllini çətinləşdirən məhz bu amildir...”
Qarabağ konflikti uzandıqca onun həll açarının böyük güclərin əlində olduğu barədə fikirlər də möhkəmlənir. Sözügedən münaqişədə tərəflər Azərbaycan və Ermənistan olsa da hər kəsə bəllidir ki, Rusiya, ABŞ və digər böyük dövlətlər öz maraqlarını bu problemdən yararlanaraq həyata keçirmək istəyirlər.
Problemin açarının kimin əlində olması sualına isə indiyə qədər ən çox eşitdiyimiz cavab “Rusiyanın əlindədir” olub.
Bəs keçmiş SSRİ regionunda son aylarda baş verən proseslərdən, Rusiyanın Ukraynada tədricən uduzmasından sonra vəziyyətdə dəyişiklik olubmu?

Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri bildirdi ki, Qarabağ problemini SSRİ-nin dağılması ərəfəsində SSRİ yaradıb. SSRİ-nin də varisi Rusiyadır: “Rusiyanın bu gün Ermənistana təsir imkanları çox böyükdür. Onu da nəzərə almaq lazımdır ki, Qarabağ klanının hakimiyyətə gəlməsini məhz Rusiya təşkil edib. Ona görə də həm Köçəryan hakimiyyəti, həm də Sərkisyan hakimiyyəti Moskvanın iradəsindən asılı olan vassallardan ibarətdir. Bu baxımdan demək olar ki, Rusiya Qarabağ problemində həlledici tərəflərdən biridir. Ancaq münaqişənin çözümü bütövlükdə Rusiyadan asılı deyil. Artıq Ermənistan hakimiyyəti gələcəkdəki inkişaf perspektivinin Rusiyanın yanında olmaq olmadığını bilir. Ukrayna hadisələrindən sonra Ermənistan Rusiyanın uduzan tərəf olduğunu da anlayır. İrəvan Rusiyanın tədricən Cənubi Qafqazdan sıxışdırılıb çıxarılacağını da anlayır. Ən əsası, bu gün Ermənistan əsas maliyyə imkanlarını Qərbdən alır. Bütün bu faktorlara görə Ermənistan təkcə Rusiyadan deyil, həm də Qərbdən, xüsusilə ABŞ-dan asılıdır. Odur ki, Qarabağ problemi regional savaş olmaqdan çıxıb bir qlobal münaqişə səviyyəsinə gəlib çıxıb. Problemin həllini də çətinləşdirən məhz bu amildir. Artıq problemin həlli təkcə münaqişə tərəflərinin iradəsindən asılı olmaqdan çıxıb. Azərbaycan və Ermənistan rəhbərliyinin razılığı olsa belə, münaqişəni həll eləmək mümkün olmayacaq. Çünki ən azından Rusiyanın və ABŞ-ın bölgəyə ciddi təsir imkanları var. Açar hər iki dövlətin əlində var. Dağlıq Qarabağdakı generalitetin əksəriyyəti Rusiyanın xüsusi xidmət orqanlarının təsiri altındadır. İstənilən zaman Rusiya cəbhə xəttində hərbi təxribatlar yaratmaq gücündədir. Ona görə də bu gün Ermənistan istəsə belə, Dağlıq Qarabağ münaqişəsini birmənalı sülhə daşımaq mümkün deyil”.
Politoloqun sözlərinə görə, problemin həlli yalnız qlobal güclərin, xüsusən də Rusiya ilə ABŞ-ın uzlaşdığı halda mümkündür. Bu gün isə uzlaşma mümkün deyil. Hazırda Rusiya ilə Qərb Ukrayna məsələsində savaş həddindədirlər.
N.Miri vurğuladı ki, konfliktin həllində qlobal güc mərkəzlərini uzlaşmaya vadar etmək üçün Azərbaycan və Ermənistanın əlində müəyyən təsir imkanları var. Təsir imkanı daha çox Azərbaycanın əlindədir: “Azərbaycan hakimiyyəti proseslərin arxasınca sürünən tərəf olmamalıdır. Bakı özü proses yaratmalıdır ki, dünya gücləri regionda savaşın olmaması, münaqişənin təcili həlli üçün hərəkətə keçsin. Bunun üçün isə elə bir hadisə yaratmaq lazımdır ki, qlobal güclər razılığa gəlib çözüm variantlarını təqdim etsinlər. Diqqət etdinizsə, avqustun əvvəlində Qarabağ cəbhəsində üç günlük müharibədən bütün dünya, eyni zamanda Rusiyanın özü ciddi narahatlıq keçirdi. Çünki Rusiyaya Cənubi Qafqazda böyük savaşın olması sərf etmir. Çünki bu gün Rusiya iki və ya üç cəbhədə savaşmaq, tərəf olmaq gücündə deyil. Mən hesab edirəm ki, lokal, bir neçə həftəlik ciddi hərbi əməliyyatların keçirilməsi və bir neçə Azərbaycan yaşayış məntəqələrinin ermənilərdən azad olunması dünya güclərini ciddi şəkildə hərəkətə keçirər. Azərbaycan Qarabağ probleminin həlli açarına xeyli dərəcədə sahib olan Rusiya və ABŞ-ı bu yolla həll açarını işə salmağa məcbur edə bilər”.