
“ABŞ başda olmaqla Qərb dairələri üçün Dağlıq Qarabağ münaqişəsinin necə həll olunması o qədər də prinsipial əhəmiyyətə malik deyil. İndiyə qədər onların davranışı göstərir ki, bu məsələyə biganə və soyuqqanlıdırlar”. Bunu Modern.azsaytına politoloq Qabil Hüseynli Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiyanın aktivləşməsi fonunda Qərbin geri çəkilməsini şərh edərkən deyib. Ekspertin sözlərinə görə Qərb artan problemləri fonunda Qarabağ məsələsində Rusiyanın həlledici rolunun güclənməsinə qarşı çıxmır.
Politoloq bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olan Fransa Dağlıq Qarabağ probleminin tənzimlənməsində Rusiyanın təşəbbüsü ələ almasında maraqlıdır. “ Lakin Fransa münaqişənin tənzimlənməsində öz iştirakını saxlamaq istəyir. Buna görə də Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə görüşəcəyini vəd edib”.
Analitik hesab edir ki, Rusiya Qərbin Qarabağ məsələsində biganəlik səviyyəsində olan astagəlliyindən istifadə edərək təşəbbüsü ələ alıb. Q. Hüseynli bildirib ki, rəsmi Moskva Cənubi Qafqazda mövqelərini möhkəmləndirmək üçün Qarabağ probleminin həllini sürətləndirmək xəttini yürüdür. Siyasi şərhçi onu da bildirib ki, Rusiya bu istiqamətdə Azərbaycanla intensiv əlaqələr saxlayır. “Kreml indiki situasiyada Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verir. Düzdür, bu məsələnin müəyyən konyuktur tərəfləri də var. Rusiya iqtisadiyyatının pisləşməsi fonunda Azərbaycandan umduğu müəyyən məsələlər var. Rusiya Qarabağ məsələsi ilə bağlı mövqeyindən 180 dərəcə dönüş edərək Azərbaycanın mövqeyinə müəyyən qədər ədalətli yanaşmağa başlayıb. Bu ədalətli yanaşma hələ ki, bütün təzahürləri ilə üzə çıxmasa da, bəzi simptomlar görünməkdədir. Bu gün Azərbaycan Rusiya arasında Dağlıq Qarabağın hüdudlarından kənardakı yeddi rayonun geriyə qaytarılması məsələsi müzakirə predmetidir”.
Politoloq düşünür ki, Azərbaycan Dağlıq Qarabağ probleminin həlli ilə bağlı tutduğu prinsipial mövqedən geri çəkilmək niyyətində deyil. O vurğulayıb ki, Azərbaycan yeddi rayonun qaytarılacağı təqdirdə Rusiya ilə münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsində maraqlı olacaq. “Hətta Azərbaycanın Rusiya iqtisadiyyatına külli miqdarda sərmayə yatıracağı da gözlənilir. Status-kvonun dəyişdirilməsi ilə bağlı Rusiyanın addımları yəqin ki, pozitiv nəticələrə gətirib çıxaracaq. Rusiya yeddi rayonun qaytarılması prosesinin dönməz icrasına başlayarsa, Azərbaycan Avrasiya Birliyində iştirak etmək üçün Moskva ilə danışıqlara başlaya bilər”,-deyə Q. Hüseynli şərh edib.