Ermənistan Suriya müharibəsindən necə yararlanır-TƏHLİL

Statistik məlumatlara görə Cənubi Qafqazda əhalinin sosial durumunun ən aşağı olduğu ölkə Ermənistandır. 2013-cü ilin sonlarında Ermənistan Milli Statistika Xidmətinin mətbuata sızdırdığı məlumata görə bütün iqtisadi göstəricilərin aşağı səviyyədə olması Sərkisyan  hakimiyyətini  rəsmi hesabatların nəşrini təxirə salması həddinə gətirib.

 

Ermənistanda yaranmış  demoqrafik mənzərə prezident Serj Sərkisyanı da nəhayət dilə gətirib. Çıxışlarının birində S. Sərkisyan  etiraf edib ki, vətəndaşların ölkədən getməsi barədə yayılan xəbərlər heç də əsassız deyil. Ölkə rəhbəri səviyyəsində vətəndaşlarının  sosial durumunun olduqca aşağı olması səbəbindən xarici ölkələrə “pənah aparmaları” haqqında açıqlama bir daha sübut edir ki, Ermənistanda sosial gərginlik qaçılmazdır.Müşahidəçilər hesab edirlər ki, belə getsə Emənistanda yalnız əl-ayağı tutmayanlar qalacaq. 2013-cü il ərzində təqribən 100 minə yaxın vətəndaş ölkəni birdəfəlik tərk edib “Ermənistan xəbərləri” jurnalının 7 yanvar tarixli nömrəsində dərc edilmiş məqalədə isə göstərilir ki, Ermənistanda immiqrasiya siyasəti getdikcə qorxulu vəziyyət alır. Hesablamalara görə erməni immiqrantların 80 faizi kişilərdən ibarətdir və əksəriyyət 25-35, 40-55 yaşa arası kişilərdir.   Demoqrafik bədbəxtliklərin “həll variantı”  

 

Əslində Ermənistanda demoqrafik gərginlik yalnız “2013-2014-cü illərin məhsulu” deyil.Çünki Azərbaycan və Türkiyə kimi aparıcı dövlətlərlə bir neçə illərdən bəri bağlı qalan sərhədlər əvvəldən  Ermənistan əhalisi üçün xoş proqnozlar vəd etmirdi. Deməli, söyləyə bilərik ki, Ermənistanda bir neçə illərdən bəri yığılıb qalan sosial problemlər sonda demoqrafik partlayışlara gətirib çıxardı. Bir sözlə, Ermənistanda SSRİ-nin dağılmasından sonra həmişə bu problemlər olub. Problemlərin həll variantını isə Ermənistan işğal etdiyi Azərbaycan ərazilərinə erməni idxal etməkdə görür.

Qanunsuz məskunlaşdırılma 1990-cı illərdən bəri davam etdirilir. 

2005-ci ilin əvvəllərində ATƏT-in faktaraşdırıcı missiyasının qısa müddətli müşahidələri zamanı bəlli olub ki, 17 mindən artıq erməni Azərbaycan torpaqlarında süni şəkildə məskunlaşdırılıb. Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınan ATƏT-in 2010-cu il üçün açıqladığı rəqəmlərə görə işğal altındakı ərazilərimizə 14 mindən çox erməni köçürülüb. Ermənistan rəsmiləri  də açıqlamalarında  işğal altındakı ərazilərdə qanunsuz məskunlaşdırmanı təsdiqləyən faktları inkar etmirlər. Erməni mənbələri vurğulayır ki,  2007-2012-ci illər ərzində  Azərbaycanın işğal altındakı ərazilərində yaradılmış separatçı rejimə 600-dən çox erməni ailəsi yerləşdirilib.

 

Suriya münaqişəsinin Ermənistana “xeyri”

  Bu münaqişənin körükləndiyi ərəfədə Suriya ermənilərinin Qarabağ ərazisinə köç prosesinə də start verildi. Ermənistanda demoqrafik partlayışla paralel gedən köç  prosesləri bir daha onu göstərdi ki, rəsmi Yerevan bununla bir tərəfdən əhalinin sayını artırır, digər tərəfdən isə işğal etdiyi Azərbaycan ərazilərinidə məskunlaşdırma apararaq həmin ərazilərin insan resursu baxımından boş qalmadığı imicini formalaşdırır. Suriya ermənilərinin daha çox Laçın və Zəngilana yerləşdirilməsi bildirilir. Xarici KİV-lərin yazdığına görə, Dağlıq Qarabağda 3 mindən çox Suriya ermənisi məskunlaşdırılıb. Ermənistan tərəfi qondarma rejimin inkişafına təkan verəcəyi ümidi ilə Suriyadan köç prosesinin sürətləndirilməsi  istiqamətində səylərini isə davam etdirir. Hətta “Daşnaksütyun” partiyası təklif edir ki, Livandan olan ermənilər də Dağlıq Qarabağda məskunlaşdırılmalı və əhalinin sayında gözə çarpan “irəliləyişlər” müşahidə olunmalıdır. Bəzi erməni ekspertlərinin qənaətincə, bölgədə qara bulud kimi dolanan müharibə təhlükəsi Suriya ermənilərinin bu torpaqlardan da köç edəcəyinə gətirib çıxaracaq. Əslində bu proqnoz indiki situasiyada daha da real görünür. Görünən odur ki, Ermənistan informasiya müharibəsi ritorikasından, resurslarından istifadə etməklə, məsələnin “müsbət”ə doğru dəyişəcəyini təbliğ edir. Ancaq Sərkisyan administrasiyasının və ona havadar olan erməni lobbisinin “böyük erməni köçü” layihəsi indidən iflasa uğradığını söyləmək olar.  

əsas linklər