Suriyadakı daxili hərbi münaqişədə azərbaycanlıların iştirak etməsinə dair ilk məlumatların yayılması təxminən iki il bundan əvvəlin söhbətidir. Son günlər isə belə məlumatlar xeyli intensivləşib və az qala hər həftə bu viranə ölkədə bir azərbaycanlının öldüyü barədə məlumat gəlir. Həmin məlumatlarda Suriyada bir neçə yüz azərbaycanlının döyüşdüyü, hətta ölənlərin sayının yüzü aşdığı bildirilir. Belə məlumatlara müxtəlif səpkidə münasibət ifadə olunmuşdur. Jurnalistlərin təqdim etdiyi reportajlardan aydın olur ki, ölkəmizdə bəlli dini cərəyanlara aid gənclərin müəyyən dərəcədə mütəşəkkil olaraq Suriyaya göndərilməsini ehtimal etmək üçün ciddi əsaslar var. Maraqlıdır ki, bu məlumatlara heç bir rəsmi reaksiya yoxdur. Amma rəsmi reaksiya ilk olaraq hüquq-mühafizə orqanlarından gəlməli idi.
Xatırladıram ki, ölkəmizin Cinayət Məcəlləsində «Müharibə cinayətləri» adı altında birləşdirilmiş və törədilməsinə görə sərt cəzalar nəzərdə tutulan əməllər var. Həmin cinayətlərdən biri «muzdluluq» adlanır və bu əmələ görə Cinayət Məcəlləsinin 114-cü maddəsində kifayət qədər sərt cəza nəzərdə tutulmuşdur. Özü də həm muzdluları təşkil edərək konkret hərbi əməliyyatlarda istifadə edənlər üçün, həm də hərbi əməliyyatlarda iştirak edən muzdluların özü üçün cəza nəzərdə tutulmuşdur. Məcəllədə muzdluya konkret hüquqi anlayış da verilmişdir: MUZDLU dedikdə, hərbi münaqişədə və hərbi əməliyyatlarda iştirak edən dövlətin vətəndaşı olmayan, onun ərazisində daimi yaşamayan, habelə rəsmi vəzifələrin yerinə yetirilməsi üçün göndərilməyən, maddi mükafat əldə etmək məqsədilə fəaliyyət göstərən şəxslər nəzərdə tutulur...
Cinayət Məcəlləsinin 114.1-ci maddəsi muzdluları təşkil edənlər üçün məsuliyyət nəzərdə tutur. Həmin maddənin mətnini nəzərinizə çatdırıram:
114.1. Muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə və başqa cür maddi təminat vermə, habelə onlardan hərbi münaqişədə və ya hərbi əməliyyatlarda istifadə etmə —
4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Cinayət Məcəlləsinin 114.3-cü maddəsi isə konkret muzdlu üçün məsuliyyət nəzərdə tutur. Onun mətni isə belədir:
114.3. Muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı —
3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Daha bir məqamı xatırlatmaq istəyirəm ki, qanunvericiliyə əsasən, muzdluluq cinayətinin araşdırılması Respublika Hərbi Prokurorluğunun səlahiyyətinə aid edilib. Buna görə də üzümü ölkəmizin Hərbi Prokurorluğunun rəhbərliyinə və əməkdaşlarına tutaraq demək istəyirəm ki, cənab hərbi prokurorlar, nəyə görə passivsiniz? Axı ən azından uzun müddətdir ki, mətbuatın gündəmini zəbt etmiş bu faktı araşdırmaq lazımdır. Əgər ölkəmizin vətəndaşlarını mütəşəkkil şəkildə hər hansı bir bəhanə və ya səbəblə təşkil edərək xarici ölkələrdə döyüşə göndərənlər varsa, bunları mütləq qanun çərçivəsində ifşa etmək və ədalət mühakiməsinin ixtiyarına vermək lazımdır. Nəzərə almaq lazımdır ki, ölkəmiz 30 sentyabr 1997-ci il tarixli Qanunla «Muzdluların cəlb edilməsi, maliyyələşdirilməsi, onlardan istifadə edilməsi və onlara təlim keçilməsi ilə mübarizə haqqında» Beynəlxalq Konvensiyaya da qoşulub. Bu Konvensiya da muzdluluğa qarşı mübarizə aparmağı bizim dövlətimizdən tələb edir.



