
Böyük liderlərin övladları onların başına həmişə bəla olublar. Özü də nə sirdirsə, adətən qız övladları. Qız uşağı şeytan olar, - deyirlər. Şeytan barədə az sonra...
Elə təkcə, Stalinin SSRİ-nin ən böyük düşməni olan ABŞ-a qaçmış qızı Svetlana Alilluyevanı misal gətirmək kifayətdir. Leninin bəxti onda gətirib ki, övladı olmayıb.
Stalin isə milyonlarla insanı edam etdirəndə, sürgünlərə göndərəndə, bir kəlam işlətmişdi: “Övladlar valideynlərinə görə məsuliyyət daşımırlar”.
Lakin “ellər atasının” bilmədiyi ən böyük həqiqət bundan ibarətdir ki, valideynlər övladlarına görə məsuliyyət daşıyırlar. Hətta öləndən sonra belə!
Övlad var valideyninə rəhmət, övlad da var lənət oxutdurur. Və adam vəziyyəti dəyişmək üçün o dünyadan heç nə edə bilmir.
Bu günlərdə İran İslam İnqilabının banisi Ayətullah İmam Ruhulla Xomeyni yəqin ki, məzarında o yan, bu yana çevrilir.
Səbəb isə, onun sevimli qız nəvəsi Naimə İşraqidir.
Kimdir “bir nömrəli şeytan?”
Xomeyninin köhnə fotolarından da görünür ki, minlərlə insanı kafir kimi dar ağacına düzən imamın zəif yerlərindən biri də onun bu “şeytan nəvəsi” olub. Əslində o, Amerikanı yox, öz ciyərparasını “bir nömrəli şeytan” adlandırmalı idi. Amma artıq gecdir.
Çünki Naimə elə bir şey edib ki, nəinki babasını, hətta onun qurduğu İslam Respublikasını da şübhə altına alıb.
Liderlərin övladları üçün nə şəriət var, nə də qadağan. Xanım İşraqi də İranın ən müasir xanımlarından biri kimi müasir Qərb texnologiyalarının heyranıdır. Naimə xanım, “Facebook”un qadağan olunduğu bir ölkədə özünə “Facebook” hesabı açıbmış.
Elə böyük səhvi də burda edib.
Ümumiyyətlə, Naimə İşraqi Qərb, o cümlədən Britaniya mətbuatının qəhrəmanıdır. Onun qəhrəmanlığının əsasında isə Şəriət qanunlarını, babasının qoyduğu qanunları pozmaq dayanır.
Xomeyninin qaydalarını nəvəsi də pozmayacaqsa, daha kim pozacaq və ya nəvəsi pozmyacaqsa, Xomeyni kimi baba hansı nəvəyə lazımdır?
Babasının nəvəsi
“Ot kökü üstdə bitər” deyiblər. İslam İnqilabının banisinin nəvəsi də Qərb mətbuatına dəfələrlə bildirib ki, o da inqilab etmək istəyir. Ayətullah o biri qız nəvəsindən də “yarıyıb”.
Zəhra İşraqi Britaniya qəzetlərinə bildirib ki, ümumiyyətlə, çadra-hicab məsələsini yığışdırmaq lazımdır.
Onun fikrincə, qadınlara ən azı imkan vermək lazımdır ki, istədikləri rəngdə, yəni göy qurşağının bütün rənglərində çarşablana bilsinlər.
Lakin qayıdaq Naimə İşraqiyə. O, Qərb mətbuatına müsahibələrindən birində musiqi haqqında suallara belə cavab verib: “Həyat musiqsiz mənasızdır”.
Nəzərə alın ki, musiqi İslamda ən böyük qadağanlardan biri sayılır.
Belə sözü İranda Naimədən başqa kim desəydi, çoxdan dar ağacında yellənərdi.
Ən çox sevdiyiniz müğənni qadın kimdir” sualına xanım İşraqi belə cavab verib: “Desəm ki, Ququşdur, bütün mediada tufan qalxar”...Ay qız daha dedin də!...
Lakin indi Naimə İşraqinin “Facebook” hesabında elə bir post olub ki, İranda doğrudan da yeni bir inqilab ola bilər. Daha doğrusu, İmam Xomeyninin inqilabını yıxacaq bir inqilab.
Xomeyninin nəvəsinin Facebook səhifəsində yazılıbmış ki, Ayətullah Xomeyni özü haqqında lətifələri çox sevərmiş.
“Biz bu lətifələrdən birini ona danışdıq və o, uğunub getdi, - yazılıb postda, - Deməli, bir dəfə İran-İraq müharibəsi vaxtı Xomeyni İranın seçmə hərbi qüvvəsi olan İslam Keşikçilərinə müraciətlə deyir: “Ey İslam Keşikçiləri, müharibədə şəhid olanların dul arvadları ilə evlənin ki, uşaqları başsız qalmasınlar... Kaş elə mənim özüm də inqilab keşikçisi olaydım”.
Xomeyninin nəvəsinə parlament nə edə bilər?
Bu “Facebook” postu İranda hiddət partlayışı yaradıb. On minlərlə şəhidin ailəsi böyük rəhbərin belə zarafat etməsi mümkünlüyündən dəhşətə gəlib.
Bəziləri cavab olaraq yazırlar ki, bu zarafat doğrudan da olubsa, deməli İran övladlarını İraq cəbhəsinə göndərən lider xalqı ələ salırmış.
Naimə İşraqi “Facebook” hesabını bağlayıb və and-aman edir ki, bu postun ona dəxli yoxdur və onun səhifəsinə əvvəllər də haker hücumları olub. Amma çətin ki, bu bəyanat dərindən təhqir olunmuş şəhid ailələrini inandırsın.
Bundan qorxuya düşən hökumət başını itirib. Bəzi millət vəkilləri İşraqi məsələsinin parlamentdə müzakirəsini tələb ediblər. Amma vallah-billah heç nə edə bilməyəcəklər.
Bu, orucluq vaxtı siqaret çəkən yoxsul yeniyetmələr deyil ki, dəstə ilə dar ağaclarından assınlar.
İmamın da uşağına qıyarlarmı? Ona “gözün üstdə qaşın var” deyən olmayacaq... Rus demişkən, “tem bolee” belə qaş.
