
İran və Rusiya xarici işlər nazirləri arasında telefon danışığı olub. APA-nın İran mətbuatına istinadən məlumatına görə, tərəflər İranın nüvə məsələsi və Suriyadakı böhran başda olmaqla Misir, Orta Şərqdə baş verən prosesləri, həmçinin digər regional və qlobal məsələləri müzakirə ediblər. Görüşdə İran və Rusiya arasındakı sıx əməkdaşlığın davam etdirilməsi, iki ölkənin mənafeyi çərçivəsində əlaqələrin inkişaf etdirilməsi, həmçinin regional və beynəlxalq təhlükəsizlik və sabitliyin qorunması üçün münasibətlərin gücləndirilməsinin zəruri olduğu bildirilib. Tərəflər həmçinin Suriyadakı böhranın siyasi yolla həllini vacib sayaraq, silahlı qruplaşmaların kimyəvi silahlardan istifadə etməsindən narahat olduqlarını vurğulayıblar. Eyni zamanda tərəflər Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrinin liderlərinin toplantısı çərçivəsində İran və Rusiya prezidentləri arasında baş tutacaq görüşə də toxunaraq, ikitərəfli əlaqələr və əməkdaşlığın hər sahədə inkişaf etdirilməsini mühüm hesab ediblər. Bundan başqa, görüşdə İranla “altılıq” ölkələri arasında nüvə müzakirələrinin qısa müddətdə başlanmasının zəruriliyi qeyd olunub. Tərəflər həmçinin Xəzər dənizinin hüquqi statusu ilə bağlı da fikir mübadiləsi aparıblar.