
Cənubi Azərbaycanda zəlzələ bölgəsinə yardım göstərən 20 azərbaycanlı üst-üstə 16 il azadlıqdan mərhum edilib.
Güney Azərbaycanın Zəncan şəhərində kütləvi etiraz aksiyası keçirilib. Etirazçılar, sink və qurğuşun fabrikinin ətraf mühitə ziyan vurduğunu və nəticədə isə xərçəng xəstəliyinin artmasını səbəb gətirərək, bu fabriklərin bağlanmasını tələb ediblər.
Məlumata görə, Zəncan Vilayətinin Ətraf Mühit İdarəsinin baş müdiri fabrikanın intiqal edilməsi üçün sahibkarlara 1 ay möhlət verib. Əmir Məhdəviyani jurnalistlərə deyib: “Bu fabrika Ətraf Mühit İdarəsindən icazə almadan illər öncə bu işə başlayıb. Bir neçə il öncə də etirazlar olmuşdur və həmin zaman Zəncan Vilayətinin Proqramlar üzrə fəaliyyət göstərən Şurası bu fabrikanın Zəncanın 7 kilometrliyindən daha uzaq bir yerə intiqal edilməsini istəmişdir. Lakin bu göstəriş bu günə qədər icra edilməyib.” O, əlavə edib ki, sahibkarlar əgər fabrikanı intiqal etmək gücündə deyillərsə, onda ümumiyyətlə qapadılmalıdır.
GünAz TV-nin xəbərinə görə, Azərbaycanlı vicdan məhbusu Əli Rayiqani Miyana zindanında həbsdə saxlanılır. Mətbuata çıxarılmadan həmin fəal rejimin məmurları tərəfindən tutulub və ağır işgəncələrə məruz qalıb. 44 yaşı olan və Miyanada özəl işlə məşğul olan fəal keçən il 2012-ci il aprelin 16-da öz evində həbs edilib.
Əli Rayiqani 2012-ci il iyunun 26-na qədər Təbrizdə ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) İdarəsi və zindanda həbsdə olub və nəhayət 200 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxılıb. Fəal həmin il bir neçə ay sonra yenidən zindana salınıb. Fəala qarşı facebook-da fəaliyyətinə görə irəli sürülən ittihamlar sistemin əleyhinə təbliğ, İslam respublikasını təhqir, rəhbəri təhqir, islam müqəddəslərini təhqir, imamları təhqir, prezidenti, üləmalar və Şuraye Negəhbanı təhqir, müğənni və sənətçilərin açıq-saçıq şəkillərini yayma ittihamından ibarətdir. Həmin ittihamlara əsasən, son məhkəmələrin qərarına görə fəal 5 il həbs, 6 milyon rial pul cəzası və 5 il mədəni fəaliyyətindən məhrum edilmə cəzasına məhkum edilib.
Güney Azərbaycanda dəhşətli zəlzələnin baş verməsinin 1 ili tamam olub. Keçən ilin bu vaxtlarında Güney Azərbaycanın Qaradağ bölgəsində baş verən zəlzələ nəticəsində çoxsaylı soydaşımız həlak oldu, bir çoxları yaralandı və dağıntılar əmələ gəlmişdi. Həmin hadisə zamanı bölgəyə yardım etmək məqsədi ilə gedən və yardım toplayan 20 nəfər soydaşımızın mühakimə edildiyi bildirilir. Məlumata görə, avqustun 14-də Şərqi Azərbaycan vilayətinin Apelyasiya Məhkəməsinin 7-ci şöbəsində məhkəmə iclası keçirilib. Məhkəmə iclası zamanı 15 nəfər azərbaycanlı müttəhim 4 vəkillə birlikdə məhkəmənin çıxardığı qərara kəskin etiraz ediblər. Çıxarılan qərara əsasən Təbrizin İnqilab Məhkəməsi qeyri-rəsmi fəaliyyət göstərən və bölgəyə yardıma gedən 20 soydaşımızı bütövlükdə 16 il azadlıqdan mərhum edib.
Hüseyn Ronəqi Məleki, Həmidrza Mosəyyebiyan, Həsən Ronəqi Məleki, Şayan Vəhdəti və Məsud Vəfabəxş 2 il həbsə məhkum edilən soydaşlarımızdandır.