
İranda tanınmış azərbaycanlı fəalın məhkəmə prosesi keçirilib. APA-nın “Oyannews”a istinadən məlumatına görə, Marağa İnqilab Məhkəməsinin birinci şöbəsində baş tutan prosesdə Mehdi Kuxiyan hakimiyyətin əleyhinə təbliğat aparmaqda günahlandırılıb. Digər məlumata görə, azərbaycanlı fəal kəskin mədə ağrısından əziyyət çəksə də, həbsxana səlahiyyətliləri onun müraciətlərini cavabsız buraxıb və zindandan kənarda müalicə almasına icazə verilməyib. Mədəsindəki kəskin ağrılar səbəbindən yemək yeyə bilməyən M. Kuxiyan müalicəsinə imkan verilməyəcəyi təqdirdə aclıq aksiyasına başlayacağını bildirib. Qeyd edək ki, azərbaycanlı fəal İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) təhlükəsizlik qüvvələri tərəfindən mayın 25-də Şərqi Azərbaycan vilayətinin Məlikan (Məlikkəndi) şəhərində öz evində tutulub. Mənzildə axtarış aparılıb, M. Kuxiyana məxsus noutbuk, mobil telefon, kitablar və bir sıra şəxsi əşyalar müsadirə edilib, azərbaycanlı fəalın özü isə döyülüb. M. Kuxiyanın “facebook”da açıq şəkildə fəaliyyət göstərdiyinə, şəhərin mərkəzi xiyabanındakı körpüdən “Urmiya gölü quruyur” plakatı asdığına və həmin şəkli öz səhifəsində yaydığına görə həbs edildiyi bildirilir. Bundan əvvəl də M. Kuxiyan Abbas Vəlizadə ilə birlikdə 2012-ci il dekabrın 30-da Məlikkəndi şəhərində SEPAH-ın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Azərbaycanlı fəal aprelin 15-də Marağa İnqilab Məhkəməsinin qərarı ilə ailəsinin qoyduğu 40 milyon tümən zəmanətlə sərbəst buraxılıb. Marağa İnqilab Məhkəməsi M.Kuxiyana 1 il həbs cəzası verib. Azərbaycanlı fəal hakimiyyətin əleyhinə təbliğat aparmaq, dini inancları, İslam müqəddəslərini və İranın ali dini lideri, ayətullah Əli Xamneyini təhqir etməkdə günahlandırılıb. Bu arada 4 azərbaycanlı fəal Makı İnqilab Məhkəməsinə çağırılıb. Bunlar Vahid Əlizadə, Cahanbəxş Sultanzadə, Behnam Bagiri və Hüseyn Vəlizadədir. Onlar iyulun 28-də məhkəmədə olmalıdırlar. Azərbaycanlı fəallar iki ay əvvəl Makuda təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və bir həftə saxlanıldıqdan sonra zəmanətlə məhkəməyədək azadlığa buraxılıblar.