Qarabağda xəyanətə yol açan 7 iyul qərarından 90 il ötdü
Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin qurulmasına yol açan DQMV-nin yaranmasından 90 il ötdü
Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin qurulmasına yol açan Dağlıq Qarabağ Muxtar Vilayətinnin yaranmasından 90 il ötdü. 1923-cü ilin iyulun 7-də Azərbaycan Sovet Sosialist Respublikası adından verilmiş dekretdə DQMV-nin yaradılması belə əsaslandırılır: “Keçmiş Rusiya imperiyasında milli azlıqları əsarətdə saxlayan çar mütləqiyyəti hətta azlıqda qalan ayrı-ayrı milliyyətləri bir-birinin üstünə salışdırmaqla məhv etməyə əl atmaqdan belə çəkinmirdi.
Zaqafqaziyada 1905-ci ildə erməni-müsəlman qırğını velikorus mütləqiyyətinin məhvedici siyasətinə ən yaxşı sübut ola bilər. Zaqafqaziyanın inqilabi fəhlə kütlələri onların sərmayəsinin zülmünə qarşı öz hiddətlərini açıq şəkildə bildirdiyi həmin vaxtlarda çar generalları Vorontsov-Daşkovların əli ilə tarixən bir-biri ilə doğma olmuş iki xalqın - ermənilər və müsəlmanların arasında ədavət toxumu səpildi.

Bu özünü Zaqafqaziya milli azlıqlar üzərində ağalığı ön plana çəkən bir ovuc milli şovinistlərin - müsavatçıların, daşnakların və menşeviklərin, Qərb kapitalı nökərlərinin rəhbər rolu ələ keçirdikləri üç “müstəqil dövlətə” parçalananda özünü bütün çılpaqlığı ilə bir daha göstərdi. Bu “dövlətlərin” mövcud olduqları qısa müddət ərzində Qarabağ dağlarında və Zaqafqaziyanın digər hissələrində əməkçi kəndlilərin qanı az tökülmədi.

Hansı formada təzahür etməsindən asılı olmayaraq milli zülmün və qeyri-bərabərliyin məhv edilməsi, milli ədavətin və nifrətin zəhmətkeşlərin beynəlmiləl həmrəyliyi, vahid dövlət ittifaqında xalqların qardaşcasına əməkdaşlığı ilə əvəz edilməsi fəhlə-kəndli inqilabının və sovet hakimiyyətinin əsas vəzifələrindən biridir".
Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin dekretinə görə, Dağlıq Qarabağın ermənilər yaşayan hissəsində mərkəz Xankəndi olmaqla muxtar vilayət yaradılır, İcraiyyə Komitəsi və yerli sovetlər vilayətin idarə orqanları müəyyən olunur. Vilayətin əsasnaməsinin işlənib hazırlanması və inzibati vahidlərin faktik olaraq muxtar vilayətə verilməsi, habelə muxtar vilayətin sərhədlərinin müəyyənləşdirilməsi üçün dağlıq və düzən Qarabağ, Kürdüstan və Azərbaycan SSR mərkəzi hakimiyyətinin nümayəndələrindən ibarət qarışıq komissiya yaradılır.

Sovet hakimiyyətinin sonrakı illərində DQMV-nin hüdudları və səlahiyyətlərinin genişləndirilməsi prosesi gedir, bölgədə ermənilərin say və mövqe üstünlüyü təmin olunur. 1981-ci il iyunun 16-da Azərbaycan SSR Ali Soveti “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” qanun qəbul edir. Bu qanunla DQMV-nin səlahiyyətləri daha da artırılır.

1988-ci ildə Dağlıq Qarabağ münaqişəsinin indiki mərhələsi başlayanda ərazisi 4,4 min kvadratkilometr olan bölgə ermənilərin çoxluq təşkil etdiyi Stepanakert şəhəri (paytaxt), Mardakert, Əsgəran, Martuni və Hadrut rayonları və azərbaycanlıların çoxluq təşkil etdiyi Şuşa şəhərindən ibarət idi.

Muxtar vilayətin bütün tarixi ərzində zaman-zaman Ermənistana birləşmək tələbləri irəli sürən ermənilər sonuncu dəfə 1988-ci ilin fevralında ayağa qalxırlar. Fevralın 13-də vilayətdə Ermənistanla birləşmək şüarı ilə mitinqlər dalğası başlayır. Fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin sessiyası SSRİ Ali Soveti qarşısında bölgənin Ermənistana birləşdirilməsi xahişiylə vəsatət qaldırır.
Azərbaycan torpaqlarına 1988-ci il boyunca davam edən təcavüzün ardınca SSRİ Ali Soveti Dağlıq Qarabağda birbaşa Moskvanın tabeçiliyi altında çalışan Xüsusi İdarəetmə Komitəsi yaradır. 1989-cu ilin sonunda bu komitə ləğv edilərək Bakıya tabe olan Respublika Təşkilat Komitəsiylə əvəzlənir. Həmin ilin dekabrında Ermənistan parlamenti Dağlıq Qarabağın bu respublikaya birləşdirilməsi haqda qərar qəbul edir.

1991-ci ilin avqustunda SSRİ-nin dağılması prosesi sürətlənir. Avqustun 30-da Azərbaycan parlamenti respublikanın müstəqilliyini bəyan edir. Bundan 2 gün sonra DQMV və bu bölgəyə heç bir dəxli olmayan Şaumyan rayonu Xalq Deputatları sovetləri birgə sessiya keçirərək Dağlıq Qarabağ Respubliakı adlı saxta qurum yaradırlar. Respublika Təşkilat Komitəsi Stepanakertdən Ağdama köçməli olur. Ardınca Dağlıq Qarabağda azərbaycanlıların total etnik təmizlənməsi - qanlı müharibə balayır.

1991-ci il noyabrın 20-də Qarakənd üzərində Azərbaycanın dövlət adamlarının olduğu vertolyotun vurulması DQMV-nin ləğvinə təkan verir.

Noyabrın 26-da Azərbaycan parlamenti DQMV-ni milli ərazi qurumu kimi ləğv edir, “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 7 iyul dekreti və “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” Azərbaycan SSR-in 1981-ci il 16 iyun qanununu qüvvədən düşmüş sayır.
Stepanakert, Mardakert, Martuni şəhərlərinin tarixi adları qaytarılaraq Stepanakert Xankəndi, Mardakert Ağdərə, Martuni Xocavənd adlandırılır.

Əsgəran və Hadrut rayonları ləğv edilir, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılır, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verilir.

Hazırda keçmiş DQMV və onun ətrafında daha 7 rayon tam və ya qismən erməni işğalındadır.
əsas linklər