Kannda Azərbaycan mədəniyyət günlərinin rəsmi açılışı olub

 İyulun 4-də Fransanın Kann şəhərində “Azərbaycan Kannda” mədəniyyət günlərinin rəsmi açılışı olub.

Heydər Əliyev Fondunun və Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən mədəniyyət günlərinin rəsmi açılışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib.

 

İlk tədbir - 4-cü beynəlxalq “Qız qalası” sərgisinin açılışı La Kruazetdə keçirilib.

 

M. Əliyeva və Kann şəhərinin meri Bernar Broşan, o cümlədən BMT baş katibinin müavini, UNİTAD-ın rəhbəri Filip Dust-Blazi sərginin açılışında iştirak ediblər.

 

Mərasimdə çıxış edən B. Broşan Azərbaycan mədəniyyətinin bu şəhərdə nümayiş etdirilməsindən məmnun olduğunu bildirib, növbəti günlərdə də tədbirlərin uğurla keçəcəyinə əminliyini ifadə edib.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Kann şəhərində başlayan Azərbaycan mədəniyyət günlərində ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti və adət-ənənələrimizin təqdim olunacağını bildirib. L. Əliyeva mədəniyyət günlərinə “Qız qalası” sərgisi ilə açıldığını diqqətə çatdırıb: “Bu, Bakıda, İçərişəhərdə beş il əvvəl başlanmış “Qız qalası” beynəlxalq sərgisidir. Bakının rəmzi olan “Qız qalası” maketinin üzərində rəsmlərini çəkmək üçün dünyanın 50 ölkəsindən rəssamlar bu sərgidə iştirak ediblər. Bu, tarixi abidədir və eramızın IX əsrinə təsadüf edir. Eyni zamanda, siz burada ceyran maketlərini görürsünüz. Bu, İDEA - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyasının fəaliyyət istiqamətlərindən biridir. Onun məqsədi ceyran kimi nəsli kəsilmək təhlükəsində olan növlərə diqqəti yönəltməkdir”.

 

Heydər Əliyev Fondunun ölkəmizin bəşəri dəyərə malik abidəsi və UNESCO-nun dünya mədəni irs siyahısına daxil etdiyi Qız qalasının qlobal miqyasda təbliğinə həsr edilən bu layihəsi ilk dəfə 2010-cu ildə Bakıda keçirilib və ardıcıl olaraq 3 il tamaşaçıların görüşünə gəlib. İlk dəfə Azərbaycandan kənarda keçirilən 4-cü beynəlxalq festivalda indiyə qədər dünyanın müxtəlif ölkələrindən 40-dan çox rəssam iştirak edib. “Qız qalası” sərgi-festivalının əsas meyarı tarixi abidənin maketi üzərində müxtəlif ideyaların canlandırılmasıdır. Yerli və xarici rəssamlar öz milli üslublarında qalanın maketini bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini və qarşılıqlı mübadiləsini əks etdirirlər. Ona görə də sərginin konseptual xəyal sərhədləri olduqca geniş və əhatəlidir.

 

Heydər Əliyev Fondunun bu layihəsi beynəlxalq tarixi irsə və mədəniyyətlərarası dialoqun zənginləşdirilməsinə verilən töhfədir. Bu, həm də Qız qalasının funksional təyinatını, onun nadir memarlıq görünüşünü bütün dünyada tanıtmağa yönələn mühüm addımdır. Sərginin diqqəti çəkən məqamlarından biri də Qız qalasının Kannda tanıdılmasına yeni tematik komponentin əlavə olunması idi. Ətraf mühitin qorunmasına xüsusi diqqət yetirən Heydər Əliyev Fondu Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşən ceyranların maketlərinin bəzədilməsi ilə bağlı həyata keçirdiyi layihəni Kannda da nümayiş etdirib. Ümumilikdə isə sərgidə 26 rəssamın Qız qalası, 17 rəssamın isə ceyran kompozisiyaları tamaşaçılara təqdim olunub.

 

Günün ikinci yarısında Kannda hər il beynəlxalq kino festivalının keçirildiyi Festivallar sarayında “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” sərgisinin açılışı olub.

 

M. Əliyevanın və B. Broşanın iştirak etdikləri sərgidə Azərbaycanın qədim və zəngin tarixinə, mədəniyyətinə dair eksponatlar nümayiş etdirilir. Festivallar sarayının nəhəng  sərgi salonunda təşkil edilən ekspozisiyada Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri, yaşı yüz illərlə ölçülən xalça və xalça məmulatlarının geniş çeşidi təqdim olunur. Azərbaycanın milli geyimləri də məişətimizin zənginliyi barədə dolğun təsəvvür yaratmışdır. Qədim misgərlik nümunələri Azərbaycan insanının yaşam tərzi, adət-ənənələri barədə qonaqlarda müfəssəl təəssürat doğurub. Sərginin qiymətli eksponatlarından olan milli musiqi alətləri də auditoriya tərəfindən maraqla qarşılanıb.

 

Bundan əlavə, sərginin “Hisslər” adlanan bölməsində tanınmış fırça ustaları müasir Azərbaycan incəsənətinin nümunələrini təqdim ediblər. Sərgidə Heydər Əliyev Fondunun Azərbaycanın və onun mədəniyyətinin təbliğinə xidmət edən kitab, buklet və digər müxtəlif nəşrləri də təqdim olunub.

 

M. Əliyeva sərginin açılışında çıxış edib.

 

B. Broşan bu sərginin Azərbaycanın dünyəvi dövlət və zəngin mədəniyyətə malik olduğunu bir daha təsdiqlədiyini bildirib. Qeyd edib ki, sərginin Kann şəhərində açılması Qafqazın mirvarisi olan Azərbaycana böyük maraq yaradıb və Fransanın mədəni dairələrində yaxşı tanınan ölkəmizin zəngin mədəniyyətinin olduğunu nümayiş etdirib.

 

Axşam Kannda Azərbaycan mədəniyyət günlərinin rəsmi açılışı münasibətilə ziyafət verilib.

 

Daha sonra hər il Kann şəhərində keçirilən beynəlxalq pirotexnika festivalının rəsmi açılışı olmuşdur. Budəfəki festivalın rəsmi açılışını Azərbaycan edib. Bu münasibətlə təşkil olunmuş möhtəşəm atəşfəşanlıq Azərbaycanın dövlət himninin səslənməsi ilə başlayıb. Atəşfəşanlıq Müslim Maqomayevin “Azərbaycan” mahnısı ilə başa çatıb.

 

Tədbirlər iyulun 20-dək davam edəcək. 

əsas linklər