Azərbaycanlıların çoxu Ukraynadan çıxmaq İSTƏMİR

“Ukraynadan təxliyə hər gün həyata keçirilir. Nikolayev, Çerkası və Odessa bölgəsindən əsasən avtobuslarla, Kiyevdən isə qatarlar vasitəsilə Ukraynanın Moldova sərhədinə və Qərb bölgələrinə insanların təxliyəsi aparılır. Bu günə qədər 15 000-dən çox vətəndaşın təxliyəsinə köməklik göstərilib”.

Bu barədə Modern.az-a Ukrayna Azərbaycanlıları Radasının (UAR) icraçı direktoru Ceyhun Məmmədov məlumat verib.

“Bundan əlavə bir çox insan öz imkanları əsasında təxliyə olunub. Dnepr, Çerkası Odessa kimi vilayətlərdə aktiv müharibə olmadığına görə çox saylı soydaşımız hələ ölkədən çıxmaq istəmir. Müharibənin davam etdiyi Sumı, Çerniqov, Kiyev, Xerson, Xarkov, Nikolayev kimi şəhərlərdə də hər şeyə rəğmən qalan, mübarizə aparan, soydaşlarımıza yardım edən, evlərini tərk etmək istəməyənlər də var. Hələ burada qalan soydaşlarımız çoxluq təşkil edir. Hər gün vətəndaşlarımız arasında müraciət edənlər olur və köməklik göstərilir”,- Ceyhun Məmmədov bildirib.

Qeyd edək ki, Xarici İşlər Nazirliyinin ötən gün yaydığı məlumata görə, 8 mart 2022-ci il tarixinədək Azərbaycana 4375 nəfər (son sutka ərzində 1237 nəfər olmaqla) təxliyə edilib. Onların arasında çarter reysləri ilə təxliyə edilənlər 2298 nəfər, quru yolu ilə isə 2077 nəfər təşkil edib.


Vətəndaşlarımızın təxliyəsi üçün Azərbaycan hökuməti tərəfindən əksəriyyəti Rumıniyanın Yassi şəhərindən olmaqla, Rumıniya və Polşa ərazisindən indiyədək 12 çarter reysi təşkil olunub. 

əsas linklər