Güneyli siyasi məhbus Yusuf Pircani sərbəst buraxılıb

Qərbi Azərbaycan vilayətinin Xoy şəhərinin sakini olan milli fəal Yusuf Pircani həbsxanadan sərbəst buraxılıb.

HRA xəbər agentliyində dərc olunan məlumata görə, Xoy Həbsxanasında 3 aylıq həbs cəzasını çəkən Pircani cəzasının bitməsi ilə azadlığa buraxılıb.

Yusuf Pircani ötən ilin iyul ayının 24-də Təbriz şəhəri başda olmaqla İran Azərbaycanında baş tutan ərəblərə dəstək mitinqi ilə əlaqədar Xoy şəhərində həbs edilmişdi.

Pircani sorğu-sual edildikdən sonra nəhayət avqustun 6-da girov müqabilində müvəqqəti olaraq sərbəst buraxılmışdı.

Yusuf Pircani Xoy İnqilab Məhkəməsinin 1-ci şöbəsində ona qarşı irəli sürülən "İran İslam Respublikasına qarşı təbliğat aparmaq" ittihamı ilə mühakimə olunub və məhkəmə tərəfindən günahkar tanınaraq 3 ay həbs cəzasına məhkum edilmişdi.

Güneyli milli fəal Yusuf Pircani keçən ilin dekabr ayının 22-də Xoy İnqilab Məhkəməsinin Hökmlərin İcra bölməsinə müraciət etdikdən sonra həbs edilib və bu şəhərin həbsxanasına köçürülmüşdü.

Ötən ilin iyul ayının 24-də İran Azərbaycanında ərəblərə dəstək aksiyaları ilə bağlı çox sayda güneyli vətəndaş nəzarət altına alınıb və mühakimə olunduqdan sonra həbs, qamçı və cərimə kimi müxtəlif cəzalara məhkum edilib.

əsas linklər