DAK-dan sərt bəyanat: Ermənistan Azərbaycana qarşı təxribatları dərhal durdurmalıdır

Dünya Azərbaycanlıları Konqresi (DAK) Ermənistanın atəşkəs rejimini bir daha pozaraq Azərbaycana qarşı törətdiyi son hərbi təxribatları pisləyir və bunların dərhal durdurulmasını tələb edir.

 Ermənistan silahlı qüvvələri növbəti dəfə Aprel ayının 2-nə keçən gecə Azərbaycan dövləti və xalqına qarşı silahlı təxribat törədərək yaşayış məntəqələrini və dinc sakinləri ağır hərbi texnikalardan atəşə tutmuşdu. Ermənistanın təcavüzkar və təxribatçı hərəkətləri nəticəsində Azərbaycanın 12 hərbi qulluqçusu şəhid olmuşdur.

Azərbaycan bu addıma cavab olaraq əks-hücuma keçərək düşməni geri çəkilməyə məcbur etmişdir.

Ermənistanın hərbi işğalı ilə üzləşən Azərbaycan beynəlxalq hüquq çərçivəsində haqlı olaraq Ermənistana tutarlı cavabı vermiş və bu təxribatçı siyasətlərini dəvam etdirəcəkləri təqdirdə misliylə cavab verməyə dəvam edəcəkdir.

1990-cı illərin əvvəlində yenicə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan qonşu Ermənistanın işğalçılıq siyasətindən və bundan irəli gələn humanitar fəlakətdən, erməni terror dalğasından ciddi əziyyət çəkib.

Erməni terrorçu təşkilatları Azərbaycanda 300-dən artıq terror aktı törədib, Dağlıq Qarabağdakı və ətrafdakı şəhər və kəndlərimiz yerlə-yeksan edilib, nəticədə minlərlə vətəndaşımız qətlə yetirilib, yaralanıb və itkin düşüb. İşğalçılıq, dini və milli ayrı-seçkilik, terror Ermənistanın dövlət siyasəti olub və təəssüf ki, bu gün də davam etdirilir.

Bu gün BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Azərbaycana ərazi bütövlüyünü bərpa etməyə tam hüquq verir. Ermənistan, işğalçı qoşunlarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı beynəlxalq təşkilatların çoxsaylı çağırışlarına baxmayaraq işğalı davam etdirir və təmas xəttində təxribatlar törədir.

Dünya ictimaiyyəti Ermənistanın son təxribatçı fəaliyyətini qəti şəkildə pisləməli, Ermənistanın işğalçılıq siyasətinin qarşısını almaqdan ötrü təcili hərəkətə keçməli və Azərbaycanın əzəli torpaqlarını boşaltmağı tələb etməlidir

Ermənistan silahlı qüvvələrinin iri çarplı silahlardan istifadə edərək törətdiyi təxribatlarının qarşısı alınmasa bu bölgədə gözlənilməyən mənfi nəticələrə yol açacaqdır.

Xüsusilə də ATƏT-in Minsk qrupu bütün imkanlarından istifadə etməlidir ki, Ermənistanın bu hərbi təcavüzünün qarşısını alsınlar.

Azərbayan tərəfi öz torpaqlarını qoruyur. Erməniləri yaşayış məntəqələrindən uzaqlaşdıraraq və son dönəmlərdə mütəmadi olan təxribatların qarşısını alaraq öz xalqını qoruyur. 

Dağlıq Qarabağ münaqişəsi dinc yolla Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Artıq Azərbaycan Silahlı Qüvvələri beynəlxalq qurumların təkidli müraciətlərini də nəzərə alaraq işğal olunmuş ərazilərimizdə düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini birtərəfli qaydada dayandırdığını açıqlayıb.

Bu, Azərbaycanın sülhsevər dövlət olduğunun və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə üstünlük verdiyinin göstəricisidir.

Lakin ən əsası odur ki, bu qərar Ermənistanın vəziyyəti real qiymətləndirməsi və ağlını başına yığması üçün bir şansdır. Azərbaycan Ordusu qoşunların təmas xəttində düşmənə unudulmaz dərs verdi. Ermənistanın bu şansdan necə istifadə edəcəyini və verilmiş dərsdən hansı nəticə çıxaracağını isə zaman göstərəcək.

Bundan sonra da düşmənin bütün təxribatlarının cavabsız qalmayacağına və düşmənə bundan sonra da layiqli cavab veriləcəğindən əminiz.

Çünki Azərbaycan Ordusu buna qadirdir. Azərbaycan Ordusu öz doğma torpağını müdafiə edir.

Ermənistanın Azərbaycana qarşı olan bu təxribatçı əməllərini Gürcüstan (Borçalı), İran (Cənubi Azerbaycan) başda olmaqla ve dünyadakı 50 Milyondan çox soydaşımız narahatçılıqla təqib etməkdədirlər.

Soydaşlarımız bu narahatçılıqlarını bizə bildirərək, bu xususda hər zaman Azərbaycanın yanında olduqlarını ifadə etməkdədirlər.

Dünyanın harasında  yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı kimi Dünya Azərbaycanlıları Konqresi də Dövlətimizin və Ordumuzun yanındadır və Azərbaycanın haqq işinə dəstək verməyə hər an hazırdır.

Şəhidlərimizin ailələrinə, yaxınlarına və Azərbaycanımıza dərin hüznlə başsağlığı veririk.

Şəhid ailələrinə və yaxınlarına səbr, yaralanlara Allahdan şəfa diləyirik.

 04.04.2016

 

Dünya Azərbaycanlıları Konqresi İdarə Heyəti Adına

Sədr Dr. Asif Kurban

əsas linklər

     

 

 

 

Döviz Kuru